Категории
Самые читаемые
Лучшие книги » Проза » Русская современная проза » Hər şey yaxşıya doğru - Vahid Çəmənli

Hər şey yaxşıya doğru - Vahid Çəmənli

15.10.2024 - 02:01 0 0
0
Hər şey yaxşıya doğru - Vahid Çəmənli
Описание Hər şey yaxşıya doğru - Vahid Çəmənli
Kitabda müəllifin son illərdə yazdığı şerlər və nəsr əsərləri toplanmışdır. Əsərlər sadə xalq dilində yazılmışdır. Yaş məhdudiyyəti yoxdur.
Читать онлайн Hər şey yaxşıya doğru - Vahid Çəmənli

Шрифт:

-
+

Интервал:

-
+

Закладка:

Сделать
1 2 3 4
Перейти на страницу:

Hər şey yaxşıya doğru

Vahid Çəmənli

Bu kitabı atam Valehlə anam Pərizadın xatırəsinə həsr edirəm.

© Vahid Çəmənli, 2017

ISBN 978-5-4485-2753-1

Создано в интеллектуальной издательской системе Ridero

Mənim anam…

Qədriyyə Çiçəyin «Mən anayam» publisistik əsərini birnəfəsə oxudum. İlk baxışdan sadə görünən bu əsərdə nələr vardı? Əqli cəhətdən sağlam olmayan övladını cəmiyyətə layiqli fərd, savadlı, bilikli insan kimi yetişdirmək üçün illərlə hər məşəqqətə qatlanan, həkimlərə müraciət etməklə kifayətlənməyib özü də oxuyan, araşdıran bir ananın ağrılı-acılı, eyni zamanda şərəfli həyatı təsvir olunmuşdu. Heyrətdən donub qalmışdım. Bu nə idi, İlahi? Borc idimi? Vicdan çağrışı idimi? Allahın hökmünə boyun əyərək öz yükünü axıra qədər çəkmək vəzifəsi idimi? Bilmirəm. Bəzən çəkdiyi əzablardan bezib asi olan insanlar da görmüşəm. Bəzən səbrini cilovlaya bilməyib partlayan, yanan insanlar da görmüşəm. Amma övladı yolunda çəkdiyi zəhmətlərdən bezən ana görməmişəm. Çox qədim bir əfsanə var:

Ana bətnində son saniyələrini yaşayıb bu dünyada uzun yolçuluğa hazırlaşan bir körpə Allahdan soruşur: -Allahım, dünyaya göz açacağam, amma orada nə edəcəyimi bilmirəm. -Mən sənin üçün bir mələk yaratdım, O qayğına qalacaq, -deyir Allah. -Allahım, mən insanların dilini bilmirəm axı?!. Onlara dərdimi, istəyimi necə başa salacam? -Sənin üçün yaratdığım mələk sənə onların dilini öyrədəcək, -buyurur Allah. -Allahım, eşitmişəm ki, dünya pisliklərlə doludur. Onlarla necə mübarizə aparacam? -Sənin üçün yaratdığım mələk öz həyatı bahasına səni qoruyacaq. Narahat olma! -Allahım, sənin hüzuruna necə qayıdacam? -Sənin üçün yaratdığım mələk hüzuruma necə qayıtmağı sənə öyrədəcək, -buyurur Allah. Bu zaman mələklər gəlib uşağın dünyaya getmə vaxtının çatdığını söyləyirlər. Uşaq sonuncu anda qışqırır: -Adı, Allahım adı. O mələyin adı nədir?

-Adı əhəmiyyətli deyil. Sən ona sadəcə «ANA» deyəcəksən! – buyurur Allah.

Bu ibrətamiz rəvayəti göz yaşları içində oxudum. İçimdən bir fəryad qopdu. Körpə niyə soruşmadı ki, Allahım, bəs mən nə edim? Məni yedizdirib-içizdirən, qədəm-qədəm böyüdən, qayğımı çəkib dünyanın hər bir çətinliyindən qoruyan, əvəzində isə heç nə istəməyən o mələklə necə rəftar edim? Soruşsa, bəlkə də layiqli bir cavab alardı. Lakin Allah insanın dalınca müqəddəs kitablarını ğöndərdi. Bu kitablarda isə hər şey yazılmışdı. «Mən cənnəti ananın ayaqları altında yaratdım.»

Hamı deyir ki, ana müqəddəsdir. Amma, nə gizlədim, biz övladlar bəzən onu incidir, öyüdlərinə qulaq asmır, nəticədə özlərinə zülm edənlərdən oluruq. Uzağa getmək lazım deyil. Mən anamı itirəndə on iki yaşım vardı. Bu on iki ilin xatirələri içimi ğöynədir. Anama verdiyim əziyyətlər yadıma düşəndə məni xəcalət təri basır. Özümə yer tapa bilmirəm. Ana! Mən səni hardan alım? Sənə necə deyim ki, peşimanam? Səsim işimdə boğulur. Harayım kimə, hara çatar? İnsanlara səslənirəm: -Analarınızı sevin. Onun qədrini bilin. Elə yaşayın ki, sonra başınıza döyməyəsiniz. Neçə il qəlbimdə yaşatdığım bir xatirəni sizinlə bölüşürəm. 8 mart 1975-ci il idi. Foye Qadınlar günü münasibətilə al-əlvan bəzənmişdi. Təntənəli bir gecə keçirilirdi. Sevimli müəlliməm Fatmaxanım müəllimə başda olmaqla, hamı burada idi. Gecənin aparıcılarından biri də mən idim. Mahnılar, təbriklər bir-birini əvəz edir, hamı deyir, gülür şənlənirdi. Dostlarım analara həsr edilən şerləri, mahnıları oxuyub gurultulu alğışlar altında səhnəni tərk edirdilər. Heç kimin mənim o ğecəyə hazırladığım sürprizdən xəbəri yox idi. Neçə gün idi ki, onu cibimdə gəzdirirdim. Gecədə dostluğumuzun bünövrəsi elə o gündən qoyulan unudulmaz xanəndə-mənim adaşım Vahid Abdullayev də iştirak edirdi. Budur, dostum analara həsr olunmuş gözəl bir mahnı ilə çıxışını yekunlaşdırıb alqış payını qazanır. Səhnəyə çıxıram. Əlimi cibimə salıb neçə gündən bəri cibimi yandıran dördqat bükülmüş yazını çıxarıram. Bütün baxışlar üzümə tikilib. Hamı intizarla növbəti nömrəni elan etməyimi gözləyir. Mənsə həzin bir səslə deyirəm:– İndi də icazə verin, özümün yazdıgım «Ana» şerini sizə oxuyum. Tamaşaçıların üzündə təəccüb dolu bir maraq var. Fatmaxanım müəllimədən başqa… O mənim azdan-çoxdan nəsə yazdığımı bilirdi. Amma bu dəqiqə burada oxunacaq şerdən onun da xəbəri yox idi. Bu şer mənim neçə il sinəmdə gəzdirdiyim anasızlıq dərdinə, anasız qalan dünyama bir üsyan idi. Yad şəhərdə, ana nəvazişinə həsrət qala-qala yaşadığım, cibimdəki beş qəpiyi çörəyə verib uzun bir yolu piyada getməyə məcbur olduğum anlarımda yazmışdım. Şeri oxuduqca qəhər məni boğur, səsim titrəyirdi. Gözlərimdə gilələnən yaş vərəqdəki yazıları görməyə imkan vermirdi. Buna gərək də yox idi. Şeri yazdığım andan əzbərləmişdim. Buna şer də demək olmazdı. Bu neçə illər anasız yaşayan bir gəncin fəryadı idi. Mən bu sətirləri, bu anda mən dərdə olan insanlar üçün oxuyurdum. Bəlkə də, onların qəlblərindən keçirdikləri, lakin deyə bilmədikləri sözləri deyirdim. (Şer ilk dəfə nə cür yazılıbsa, o cür də çap edilir)

Mən səni səslədim, mənə can dedin,Can deyən dilinə qurbanam, ana.Odlu ürəyini sən qurban dedin,Odlu ürəyinə qurbanam, ana.

Deyirdin, nə zaman yaşa dolarsan,Boyuna baxaram mənsə doymadan. Gəlib baxacaqsan söylə bəs haçan?Baxan gözlərinə qurbanam, ana.

Qədrin bilmədiyim o əllərindən, İstərəm, yüz dəfə öpüm indi mən.Başımı sığalla, oxşa yenidən,Zərif əllərinə qurbanam, ana.

 «Ağıllı ol» – dedin hər zaman mənə, Hər şeyi duymağı öyrətdin mənə,Məni qərq elədin məhəbbətinə, Saf məhəbbətinə qurbanam, ana.

 Ey gözümün nuru, bir mənə bax sən,Oğlun heç çıxmayıb öyüdlərindən, Onu amal edib yaşamışam mən. Gözəl sözlərinə qurbanam, ana.

 Sən qurban olardın mənə həmişə, İndi yox! Qocalam, saça dən düşə, Əllərim əlinə bir də yetişə, Mən sənin qurbanın olaram, ana!

Şeri bitirib, bayaqdan imkan tapıb baxa bilmədiyim zala baxdım. Müəllimələrim, qızlar, oğlanlar – hamının gözündə yaş gilələnmişdi. Hönkür-hönkür ağlayanlar da vardı. Mən də artıq gözlərimdən sel kimi axan göz yaşlarını saxlayacaq halda deyildim. Yavaşca səhnəni tərk etdim. Arxamca eşitdiyim gürültulu alqışların arasından Qalib müəllimin həyəcanlı səsini eşitdim:-Oğlum, sən nə etdin, biz camaatı bura yəğmışdıq ki, bayram münasibətilə təbrik edək, xoş sözlərlə ürəklərini açaq. Sən aləmi göz yaşlarına qərq elədin ki…

Bu gecədən sonra adımın əvvəlinə bir şair sözü də əlavə edildi. Gecə-gündüz bu şeri köçürüb dostlarıma paylayırdım. Kimə rast gəlirdimsə məndən şeri ona yazıb verməyimi xahiş edirdi. Şerin bədii səviyyəsi barədə bir söz demək fikrim yoxdur. Amma bu sadə sözlər insanların ürəyinə ona görə yol tapa bilmişdi ki, onlar ürəkdən gələn səmimi bir etiraf idi. Neçə illər sonra mən anama daha bir şer həsr elədim:

 Bir an gecikəndə bənövşə kimi, Doqqazın ağzında bitirdin, ana. Bir ′′ana′′ deyəndə, əvəzində sən,Yüz dəfə ′′can′′ deyə öpürdün, ana.

 Beşiyim başında qaldın yuxusuz, Qoymadın böyüyəm hissiz, duyğusuz, Böyüdə-böyüdə məni qayğısız, Özün gəncliyini itirdin, ana.

 Nə toyda şad oldun, nə də düyündə, Unutdun ətrini gül-çiçəyin də,Bu qədər qayğını zərif çiyində, Bilmədim, nə təhər götürdün, ana?

Vahidəm, sinəmdə dağ neçə-neçə, Qarışdı gözümdə gündüzlə gecə,Mən səni dünyadan aparım necə?Sən məni dünyaya gətirdin, ana.

P.S. Bu şeri unudulmaz müəllimim Şahmar Əkbərzadəyə oxuyanda, o sonuncu iki misranın altından xətt çəkdi. Sonra mənə dedi ki, neçə ildir Məmməd İşmayılla (əgər səhv etmirəmsə) Bəxtiyar Vahabzadənin arasında bu fikrin ilk dəfə kimim ağlına gəlməsi barədə mübahisə gedir. Nə yaxşı ki, mənim bundan xəbərim yox idi. Şahmar müəllimə elə-belə də dedim. Qədriyyə Çiçəyə dərin minnətdarlıq hissi ilə22 aprel 2012 ci il.

Atalarınızı sevin

(Atam aşıq Valehin əziz xatirəsinə)

Həyatda bir atasız, xəyallarda bir atalı dünyam vardı, Ata. Hər addımımda, hər sözümdə, hər aldığım-verdiyim nəfəsimdə sən vardın. Adın dilimi göynədirdi. Atalı uşaqları görəndə dodağım həsrətdən paralanırdı. Amma özümü tox tuturdum. Qəribədi, mənə elə gəlirdi ki, bizim ayrılığımız müvəqqətidir. Haçansa qayıdacaqsan. Bu ayrılıq bitəcək.

Səni gözləyə-gözləyə sənsiz yaşamağı öyrəndim.

Səni gözləyə-gözləyə sənin kimi oturub-durmağı, danışmağı öyrəndim.

Səni gözləyə-gözləyə sənin kimi sevməyi öyrəndim.

Səni gözləyə-gözləyə dünyanı, insanları sənin kimi duymağı, onlara sənin kimi dəyər verməyi öyrəndim.

Səni gözləyə-gözləyə anladım ki, sən bir daha geri dönməyəcəksən, anladım ki, bu həsrət heç zaman bitməyəcək. Yazdığım şer də atasız cocuğun gəlimli-gedimli dünyaya sualları idi. Bu suallar uzun zaman cavabsız qaldı. Sonralar, çox-çox sonralar hər şeyi anladım. Bir şeyi də anladım. Bizi ayıran illər, zaman keçdikcə bizi bir-birimizə yaxınlaşdırır. Bir tövsiyyəm də var: Atalarınızı sevin.

Yenə qəlbimdə fərəh,

Sən yadıma düşürsən.Saçımı oxşayır meh,Sən yadıma düşürsən.Çəmən, meşə göyərir,Sən yadıma düşürsən.Qış gedir, bahar gəlir,Sən yadıma düşürsən.

Sarmaşıq gül sarılıbSəhərlərin boynuna.Yoxsa ulduzlar qopub,Səpələnib eyvana,Vaxt keçir, görünmürsən,Qalıb qulağım səsdə.Soyuyub buza dönürÇayın masanın üstə,Sən yadıma düşürsən.

Gecələrin nəğməsiMənə necə tanışdır.Xan çinarın bu gecəTəzə nağıl danışır.Qızılgül qönçələnibBudağında alışır.Qonşuda toy çalınır,İki aşıq yarışır,Sən yadıma düşürsən.

Başımı sığallayıbQonşu bir noğul verdi,Qonşu hardan biləydi,Nədi körpənin dərdi?Qonşu qonşu olsaydı,Göz yaşımı silərdi.Qonşu bir noğul verdi,Atam bir cib verərdi —Sən yadıma düşürsən.

Ay işığı tükənib,Sanki süzgəcdən axır.Sanki ay da utanır,Mənə kənardan baxır.Oynamağa səbrim yox,Bu gün gözlərim gülmür.Gəlib könül almaqdaAy da bir məna görmür,Sən yadıma düşürsən.

 Kim düzsün ümidləriYoluma düzüm-düzüm,Sənsizliyə dözməyəQalmayıb məndə dözüm.Bacıma nişan gəlir,Ata oluram özüm,Mən səni hardan tapım?Mən səni harda gəzim?Sən yadıma düşürsən, Sən yadıma düşürsən…

Əlvida, dostum Yusif Məmmədov

Bu gün çox acı bir xəbər eşitdim. Əvvəlcə inanmadım. Sənə zəng elədim. Telefonun çağırdığını eşidəndə bir azca ürəkləndim. Bax, indi telefonu qaldıracaqsan, həmişəki kimi «Hə, Vahid» -deyəcəksən. Sənin təmkinli səsini eşidib, gülə-gülə, -sənin haqqında danışılan xəbərdən xəbərin varmı, -deyə soracağam. Sonra da deyəcəm ki, narahat olma, uzun yaşayacaqsan. Amma heç kim telefonu qaldırmadı. Bir neçə dəfə zəng elədim. Uzuz-uzadı cavabsız çağrılar məni nigaran etdi. Axı sən belə iş tutmazdın. Əllərim əsə-əsə mesaj yazdım: -Hacı, necəsiniz?

Yenə üzücü sükut. Sonra cavab mesajı: -Vahid dayı, mənəm, Zərifədi. Atam rəhmətə gedib. Desəydilər Kür çayı geri axar, inanardım. Desəydilər səmadakı bütün ulduzlar yerə tökülər, yer göylərə çıxar, inanardım. Desəydilər okeanların suyu quruyar, yenə inanardım. Bircə sənin ölümünə inanmazdım. Sən, -bütün həyatı boyu sağlam həyat tərzi sürən, heç vaxt səhhətindən zərrə qədər də olsa şikayətlənməyən Yusıf Məmmədov, -necə ölə bilərsən axı…

Sən demə Allahın öz qanunları varmış, sən demə yüz ildə bir dəfə ağac da atəş açarmış, sən demə milyon ildə bir dəfə Tanrı sap-sağlam, qocaman bir palıd ağacını da qurudarmış. Sən demə…

Sevimli nəvələrin ilə

Bu yazını sənin dəfn mərasimindən sonra yazıram. Səninlə həyatın yollarında birgə addımladığımız son 29 il bir sinema lenti kimi gözlərimin önündən keçib gedir. İlk tanışlığımız, sonra birgə işlədiyimiz, sonra ayrı-ayrı yerlərdə işləsək də, tez-tez görüşdüyümüz xoşbəxt çağlar, Kəbə-Məkkə yollarına birgə çıxdığımız günlər, gecə Mina dağında bir odeyala büründüyümüz gecələr, Həcəri-Əsvədi öpərkən bir ayaq üstündə qaldığım zaman son anda mənə doğru uzanan əllərin, qurban kəsib sonuncu tikəsini uşaq evlərinə göndərməyin, -hamısı, hamısı qəlbimdə həm şirin, həm da ağrılı bir xatirəyə çevridi. Sənə həmişə zarafatla 301-ci spartanlı deyirdim. Həyat tərzin əsil spartanlıların həyat tərzi kimi idi. Heç vaxt özünü əzizləməzdin, heç vaxt tənbəllik eləməzdin. İstər qar, istər yağış, istər tufan, -heç nə səni səhər saat 7-00-da səhər idmanından saxlaya bilməzdi. Bu idman ən azı iki saat çəkərdi. Bu iki saat ərzində bir dəfə də olsun şikayətlənməzdin, yoruldum deməzdin. Hətta 64 yaşında da daş kimi əzələlərini görənlərheyran qalardı. Sənə Tanrı çox yumşaq qəlb vermişdi. Hər hansı bir xoş xəbər eşidəndə gözlərin yaşarardı, üzünü yana çevirib, isti göz yaşlarını silərdın. Amma uşaq evlərində atasız uşaqlara yardım edəndə, sənə həsrətlə baxan uşaqlara tərəf çevrilməzdin. Bir dəfə səbəbini soruşanda dedin ki, çörək vermək ayrıdı, ümid vermək ayrı. Mən onlarıa çörək verə bilərəm, amma ümid verə bilmərəm. Onların onsuz da yaralı olan qəlblərinə daha bir yaramı vurum? İnanırsınız, bu məni qane etdi.

1 2 3 4
Перейти на страницу:
На этой странице вы можете бесплатно скачать Hər şey yaxşıya doğru - Vahid Çəmənli торрент бесплатно.
Комментарии